Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə bu qurumun mənzil-qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
Təntənəli mərasimdə təşkilat komitəsinin rəhbəri qismində İran İslam Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.
Sonra UNESCO-nun baş direktorunun müavini Getaçyu Engida çıxış edərək təşkilatçı ölkələrin səfirlərini salamlayıb, tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən nəsilə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. G.Engida Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər.
Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.
Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Pakistanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Moin Ul-Hague AZƏRTAC-a müsahibəsində belə mötəbər təşkilatda Novruz bayramı tədbirində iştirak etməkdən məmnun olduğunu bildirib. O deyib: “Novruz xoşbəxtlik, sevinc bayramıdır, insanları bir araya gətirir və baharın gəlişindən xəbər verir. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Azərbaycan ilə Pakistanı sıx dostluq telləri bağlayır. Ölkələrimiz arasında yüksək səviyyədə möhkəm əlaqələr var. Azərbaycan xalqına, hökumətinə sülh və tərəqqi arzulayıram”.
Serbiyanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Darko Tanaskoviç artıq uzun illərdir Novruz bayramı tədbirlərində iştirak etdiyini bildirib. “Novruz bayramı qeyd olunan ölkələrdə səfir işləmişəm. Ona görə də bu bayram, onun ənənələri haqqında çox eşitmişəm.
Novruz təqvimə yeni bir normallıq gətirib. Təbiət bayramının bəşər təqviminə salınması vacibdir. Novruz təbiətin oyanışıdır. Ona görə də Yeni il əslində elə təbiətin oyanışı ilə - Novruzla başlamalıdır. Yanvar ayında Yeni il qeyd ediləndə təbiət yatmış olur, onun vaxtını gözləmək lazımdır. Həmin vaxt məhz Novruzdur. İnsan təbiətin hərəkətini izləməlidir. Yeni il təbiətin oyanışı ilə eyni vaxta düşməlidir”, - deyə D.Tanaskoviç diqqətə çatdırıb.
azertag.az