Azərbaycan Konqreslər Bürosu Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edib
19.3.2018

Azərbaycan Konqreslər Bürosu Moskvada (Rusiya) keçirilən 25-ci Beynəlxalq Səyahət və Turizm (MİTT-2018) sərgisində iştirak edib.

Bürodan verilən məlumata görə, Moskva Ekspo Mərkəzində martın 13-15-də təşkil olunmuş və Rusiyanın ən böyük turizm tədbiri olan MİTT-2018 sərgisində dünyanın 89 ölkəsindən 1 972 şirkət və 23 min iştirakçı bir araya gəlib.

Qurum sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edib. Büro nümayəndələri sərgi zamanı Azərbaycanın MICE- Toplantı, Təşviqat, Konfrans və Sərgi potensialı və bu ilin 1-31 may tarixlərində keçiriləcək növbəti Bakı Şopinq Festivalının təbliğatını aparıblar. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə 50-dən çox işgüzar görüşlər keçirib.

Sərgi iştirakçılarından əsasən, Rusiyanın turizm və təşviqat agentlikləri Azərbaycanın turizm sahəsinə xüsusi maraq göstəriblər.

Moskva Beynəlxalq Səyahət və Turizm Sərgisi Rusiyanın ən böyük və ən uzunmüddətli səyahət və turizm sərgisi olmaqla, dünyanın ilk beş turizm sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Rusiyanın turizm bazarında nüfuz qazanmaq istəyən tur operatorları, səyahət xidməti təminatçıları və milli turizm təşkilatları üçün əsas platformadır.

2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə, Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir.

Bu məqsədlə büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.

Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb.

report.az