“Abituriyent” jurnalının birinci nömrəsi Azərbaycan və rus dillərində çapdan çıxıb
19.3.2018

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının builki birinci nömrəsini iki dildə – Azərbaycan və rus dillərində nəşr etdirib.

DİM-dən bildiriblər ki, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqramları, imtahan fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları əksini tapıb.

Nəşrdə, həmçinin DİM-in mütəxəssislərinin qəbul kampaniyasının bütün mərhələləri ilə bağlı oxucuların sorğularına cavabları “Soruşun, cavab verək” rubrikasında təqdim olunub.

Jurnalda çap olunan “Uğura aparan vərdişlər” məqaləsində isə ən qabaqcıl şagird və tələbələrin hazırlıq rejimində istifadə etdikləri metodlar və onların vərdişləri dünya təcrübəsində istifadə olunan üsullarla müqayisəli təhlil edilib. Həmin metod və vərdişlərdən daha çox diqqəti cəlb edənlər oxucuların ixtiyarına verilib.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.


azertag.az