Məşhur fransız aktyor bu fikri Rusiyanın RTR telekanalının “Vesti nedeli” (“Həftə xəbərləri”) proqramında söyləyib. Bu, onun Rusiya vətəndaşı kimi ilk böyük müsahibəsidir. Maraqlıdır ki, jurnalist dünya mətbuatının diqqətini cəlb edən aktyorla Azərbaycanın paytaxtında görüşüb.
Həftə ərzində bir neçə ölkədə olan və təyyarə ilə bir ölkədən digərinə uçan Rusiya pasportlu fransız aktyor jurnalistə Bakı otelində görüş təyin edir. Bu, Depardyenin Bakıya ilk səfəri deyil. O, kinostudiyanın yenidən dirçəldilməsi ilə məşğul olur. Aleksandr Dümanın Qafqaza səyahəti haqqında sənədli film artıq tamamlanıb. Aktyor həmin filmdə hekayətçi rolunu ifa edib və Rusiya imperiyasına dahi həmyerlisinin gözü ilə nəzər salmağa çalışıb.
MDB məkanındakı dövlətlərin mədəniyyətlərarası əlaqələri mövzusuna da toxunan aktyor rus mədəniyyətinə, ədəbiyyatına və bütövlükdə, həmişə qəlbən yaxınlıq hiss etdiyi Rusiyaya münasibətindən danışıb: “Rusiya tarixində müxtəlif dövrlər olub, zorakılıq da, sonra onun ifşası da. Lakin Böyük Teatrın rəqqasələrini seyr edəndə, Valeri Gergiyevi, Olqa Borodinanı görəndə, rus operasını dinləyəndə başa düşürsən ki, bunlar daha böyük əhəmiyyət kəsb edir”.
Milli.Az