"Azərbaycan torpağı həmişə multikulturalizm ənənələri ilə məşhur olub".
Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada 18-19-cu əsrlərə aid tarixi hamamın Mədəni İrsin Qorunması üzrə ABŞ səfirləri Fondu tərəfindən maliyyələşdirilmiş bərpa prosesindən sonra açılışında deyib.
O bildirib ki, Quba 20-dən çox millətin sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamasına dair çox gözəl nümunədir. Nazirin sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edir.
Eyni zamanda, nazir Azərbaycanın tarixi abidələrinin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edildiyini və özününküləşdirildiyini vurğulayıb: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində oradakı mədəni və tarixi irsimizi qoruya bilmərik, vandallar isə onlar haqqında faktları saxtalaşdırırlar".
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.
Qeyd edək ki, XVIII-XIX əsrlərə aid abidə el arasında "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Şərq memarlıq üslubunda tikilmiş hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
report.az