Cari ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı növbəti dəfə Beynəlxalq kukla teatrı festivalına ev sahibliyi edəcək.
Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində təşkil olunacaq festivala dünyanın aparıcı kukla teatrları qatılacaqlar.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, sayca ikinci dəfə baş tutacaq festivalda tamaşaların nümayişi ilə yanaşı, ustad dərsinin keçirilməsi də nəzərdə tutulub. Bu dərslər məşhur kukla teatrları mütəxəssisləri tərəfindən keçiriləcək.
Bakıda ilk dəfə 2011-ci ilin noyabrında keçirilmiş festivalda dünyanın 20 ölkəsindən 25 kukla teatrı iştirak edib.