Xətai Sənət Mərkəzi uşaqlar üçün rəsm müsabiqəsi elan edib
27.3.2018

Bakı Xətai Sənət Mərkəzi “Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, “Xalq Cümhuriyyəti İli” çərçivəsində gerçəkləşəcək müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunacaq. İştirak etmək istəyənlər yaşadığı bölgənin milli mədəni və tarixi abidələrinin, yerli mətbəx nümunələrinin, bölgəyə xas olan flora və faunanın, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin, musiqi alətlərinin, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarının təsviri, o cümlədən, hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlər və qəhrəmanların obrazlarının təsvirini tabloda əks etdirməli və yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə, mayın 5-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru adlı elektron ünvanına göndərə bilər. 15 yaşına qədər uşaq və yeniyetmələrin qatıla biləcəyi festivalda 30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri mükafatlandırılacaq.

azertag.az