Vyanada Novruz şənliyi keçirilib
27.3.2018

Vyanada türk xalqlarının təmsilçilərinin iştirakı ilə Novruz şənliyi keçirilib.

Şəhərdə fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə keçirilmiş bayram tədbirində qurumun rəhbəri Yardım Günəş Novruz bayramının Azərbaycan və türk xalqları, o cümlədən regionda yerləşən bir sıra xalqlar tərəfindən ənənəvi olaraq qeyd edildiyini bildirib. O, bu bayramın xalqımız tərəfindən ən qədim dövrlərdən bu günədək qorunub saxlandığını və xüsusi təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, baharın müjdəçisi olan Novruzu xaricdə qeyd etmək, onun ab-havasını yaratmaq bir tərəfdən soydaşlarımızın öz adət-ənənələrini yaşatmasına, digər tərəfdən isə yerli ictimaiyyətdə sülh, dostluq və bərəkət bayramı haqqında ətraflı təsəvvür yaratmağa xidmət edir.

Bayram tədbirində müxtəlif türk xalqlarının musiqiləri səsləndirilib, qonaqlara milli mətbəx nümunələri və bayram şirniyyatları təqdim olunub.

Tədbir bayram tonqalı ətrafında davam edib.


azertag.az