Gənc Azərbaycan musiqiçisi Vyanada iki konsert proqramı ilə çıxış edib
27.3.2018

Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Vyana şəhərində yerləşən "ALMA" qalereyasında iki klassik konsert proqramı ilə çıxış edib.

Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət qurumu tərəfindən təşkil olunan konsertlərdə.

Manafzadə Yohann Sebastian Bax, Frans List, Bethoven, İsaak Albeniz, Klod Debüssi və Modest Musorqskinin əsərlərini səsləndirib.

Konsertlə bağlı fikirlərini bölüşən A.Manafzadə qeyd edib ki, konsertlərin Novruz bayramı ərəfəsinə düşməsi onun üçün xoş bir təsadüf olub. Gənc musiqiçi həmçinin diqqətə çatdırıb ki, atası və bacısı - Azərbaycanın Əməkdar artistləri İslam Manafov və Turan Manafzadə ilə birlikdə 2018-ci ildə çıxış edəcəkləri bütün konsertləri Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə ithaf edəcəklər.

Hazırda Abuzər Manafzadə Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq ixtisası üzrə, Linz şəhəri Anton Brukner Universitetində isə fortepiano üzrə magistr təhsili alır.


azertag.az