Brüsseldə «Avropa-2020 – Azərbaycan-2020» adlı konfrans keçiriləcək
16.1.2013

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ilk peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevralında Fransanın «ArianeSpace» şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılmasına sevindiyini bildirən səfir Fransanın Azərbaycan üçün belə bir önəmli, tarixi hadisədə iştirakından məmnunluğunu ifadə edib.

Telekommunikasiya peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayan P.Mönye əlavə edib ki, Fransa tərəfi bundan sonra da Azərbaycanın peyk sənayesinin inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Azərbaycan və Fransa arasında İKT sahəsində əməkdaşlığın genişlənməsinə xüsusi önəm verən səfir Fransa şirkətlərinin ötən il olduğu kimi, bu il də «BakuTel-2013» informasiya və telekommunikasiya texnologiyaları sərgisində milli pavilyonla təmsil olunacağını, bundan əlavə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması məqsədilə iyun ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan «Avropa-2020 – Azərbaycan-2020» adlı konfransda Fransanın da fəal iştirak edəcəyini bildirib.

Öz növbəsində nazir Ə.Abbasov gələcəkdə fransız şirkətləri ilə əlaqələrin yaxşılaşdırılacağını və bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını, eyni zamanda İKT sahəsində qurulan münasibətlərin siyasi münasibətlərin daha da yaxınlaşmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

APA