Azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutda yeni kolleksiyasını təqdim edib
28.3.2018

Azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutda “Obsession” (Xəyal) adlı 2018/2019 payız-qış mövsümü üçün yeni kolleksiyasını təqdim edib. “Four Seasons” otelində 27 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən dəfilə tənqidçilər və xarici ölkələrin KİV-ləri tərəfindən yüksək qiymətləndirilib.

Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir. Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir dizayner kimi tanınmasının göstəricisidir.

Rüfət İsmayıl özünün yeni “Obsession” (Xəyal) adlı 2018/2019 payız-qış mövsümü kolleksiyasında Beyrutun moda həvəskarlarına 27 geyim təqdim edib. Bu dəfilənin özəlliyi dünyanın ən populyar moda telekanalı “Fashion TV”də birbaşa yayımlanması olub. Beləliklə, modelyerin yeni kolleksiyasının nümayişini bütün dünya izləyib.

Qeyd edək ki, Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb.


azertag.az