Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) ötən il 392 hektar ərazidə 503 min ağac əkib. Bunlardan 102 hektar ərazi (235 min ağac) yaz əkinləri zamanı, 290 hektar ərazi isə (268 min ağac) payız əkinləri dövründə yaşıllaşdırılıb. Üstünlük əsasən meyvə bağları, aqromeşələrin salınmasına verilib. Ümumi nazirlik üzrə isə 4394 hektar ərazidə 1 milyon 736 min ağac əkilib.
Bu barədə cəmiyyətin aparat rəhbəri Ədilağa Məlikov məxsusi olaraq məlumat verib.
“Əkin materiallarını cəmiyyət özü yetişdirir. Ötən il baramaçılığın inkişafı ilə əlaqədar bölgələrə nazirlik tərəfindən 949 min tut tingi verilibsə, bunlardan 247 mini “Azəryaşlandşaft” ASC-nin, qalanı Meşələrin İnkişafı Departamentinin payına düşür. 2017-ci ildə 3 milyon 600 min əkin materialı yetişdirilib. Nazirlik üzrə bu rəqəm 39 milyona bərabərdir. Onun da 7 milyon 650 mindən çoxu meyvə tingləridir. Bu il ərzində də meyvə bağlarının salınması davam etdiriləcək”, - deyə aparat rəhbəri qeyd edib.
Ə.Məlikov bildirib ki, əkilən ağacların bitiş faizi 90-dan yuxarıdır, bəzi yerlərdə hətta 98 faizə bərabərdir.
O, cəmiyyət yaranan gündən etibarən (2008-ci ildən bəri) 4438 hektar ərazidə 5 milyon 386 min ağac əkildiyini də vurğulayıb.
azertag.az