“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində naxçıvanlı məktəblilərin son dayanacağı Zirə Mədəniyyət Mərkəzi Eko-Park olub.
Məktəblilərə mərkəz haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisinin ümumi sahəsi 10 hektar olan Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50 mindən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol, 1milyona yaxın çiçək və gül əkilib.
Mərkəzin daxilində yerləşən şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur. Həmçinin bu yer dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır.
Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və videomateriallar, kitablar, kataloq və jurnallarla təmin olunub.
Vurğulanıb ki, mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.
Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.
Foto-videostudiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompüterləşmiş fotoavadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.
Şagirdlər Zirə Mədəniyyət Mərkəzindən zəngin təəssüratla ayrılıblar.
azertag.az