Bakıda Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının qala-konserti olacaq
29.3.2018

Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası martın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert proqramı ilə çıxış edəcək.

Bu barədə martın 29-da keçirilən brifinqdə məlumat verilib.

Akademiyanın peşə təhsili üzrə rəhbəri Svetlana Kokşinova Bakı opera səhnəsində dünya klassik balet sənətinin nümunələri ilə yanaşı, Qazaxıstanın milli balet sənəti və xalq rəqsləri ilə zəngin olan repertuarla çıxış edəcəklərini bildirib. O, Akademiyanın Azərbaycanda ilk çıxışı olduğunu deyib: "Bizim Azərbaycan səhnəsində çıxış etməyimiz heç də təsadüfü deyil. Qazaxıstan ilə Azərbaycanı ümumi tarixi köklər, ortaq zəngin milli-mədəni irs birləşdirir".

S.Kokşinova Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası arasında sıx əlaqələr olduğunu deyib. Hər iki təhsil ocağı arasında səmərəli əməkdaşlıq üçün müvafiq sazişin imzalandığını deyən Qazaxıstan nümayəndəsi təmsil etdiyi məktəbin Bakı Xoreoqrafiya Akademiyası tərəfindən təşkil olunacaq müsabiqədə də iştirak edəcəyini deyib.


azertag.az