Aprelin 1-də rezidenturaya qəbul imtahanı keçiriləcək
29.3.2018

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən bildiriblər ki, imtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində isə bir binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15-dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931-i Azərbaycan bölməsi, 161-i rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398-i oğlan, 694-ü qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, altı nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak üçün martın 27-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd edilir.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.


azertag.az