Tibb Universitetində plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb
30.3.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb.

Universitetdən bildiriblər ki, klinikanın III cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bu barədə məlumat verib: “Şöbədə ən müasir tipli estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir. Estetik əməliyyatlar sırasında üzgərmə, göz ətrafında blefaroplastika, otoplastika əməliyyatları, dodaqlara dolğuların vurulması və ya vurulmuş uğursuz dolğuların çıxarılması kimi bir çox estetik əməliyyatlar icra edilir. İndiyədək bu əməliyyatlar pərakəndə şəkildə bir çox şöbələrdə aparılırdı. Lakin artıq formalaşmış şöbə fəaliyyətə başlayıb. Şöbədə hazırda xarici mütəxəssislə yanaşı, iki nəfər yerli həkim də çalışır. Burada palatalar, sarğı otaqları tam müasir formada hazırlanıb. Şöbəmizin nəzdində üç birnəfərlik, üç ədəd cütlü palata pasiyentlərin ixtiyarına verilib”.

M.Abdullayev son illər ölkədə plastik cərrahiyyəyə tələbatın artdığını deyib: “Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Gənc xanımlar isə əməliyyat yolu ilə süd vəzilərini böyüdürlər. Həmçinin bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikalar üçün müraciət edirlər. Orta çəkili qadınlar döş balacalatması, arıqladıqdan sonra qol ətrafında sallaqlıq kimi şikayətlərlə klinikaya müraciət edirlər. Bu tip əməliyyatlar klinikamızda çox icra edilir”.

Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin xidmətlərindən yalnız qadınlar deyil, kişilər də faydalanır. M.Abdullayevin sözlərinə görə, kişilər üzərində əsasən blefaroplastika əməliyyatları həyata keçirilir: “Blefaroplastika-yəni gözaltı torbaların aradan qaldırılması kişiləri daha çox narahat edən problemlərdəndir. Həmçinin liposaksiya-qarın yağlarının ləğvi üçün müraciət edənlər var. Bundan başqa, ginekomastiya-döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir”.

azertag.az