İsveçrədə 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə poçt markası buraxılıb
30.3.2018

İsveçrədə 31 Mart- Azərbaycanlıların soyqırımının 100-cü ildönümü münasibətilə poçt markası buraxılıb.

Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.

Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

Səfirlikdən, həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan və 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsi istiqamətində səfirlik tərəfindən il ərzində müxtəlif tədbirlər keçiriləcəkdir.


azertag.az