“Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları müzakirə olunub
30.3.2018

Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” mövzusunda “dəyirmi masa” keçirilib.

ADU-dan bildiriblər ki, tədbirdə müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Həmidə Əliyeva rəhbərlik etdiyi laboratoriyanın əsas məqsədinin “Kitabi-Dədə Qorqud” eposu ilə dünya xalqlarının, xüsusilə Qərbi Avropa xalqlarının epik ənənəsini müqayisəli-tipoloji şəkildə öyrənməkdən ibarət olduğunu söyləyib.

İranın Pəyame-Nur Universitetinin ingilis dili və ədəbiyyatı kafedrasının müəllimi Araz (Abbasəli) Əhmədoğlu “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” mövzusunun ölümsüzlük və ölümcüllük anlamlarının müqayisəli tədqiqi ilə bağlı olduğunu deyib. Bildirilib ki, “Beovulf” danimarkalılar və geatların qəhrəmanlıq eposudur. Bu epos qəhrəmanın dünya şöhrəti qazanıb krallıq məqamına çatması haqqında epik macəradır, lakin anqlo-saksonların dünyasından kənara çıxmaq gücündə deyil. Ancaq “Kitabi-Dədə Qorqud” abidəsi və bu kitabdakı qəhrəmanların macəraları bütün bəşəriyyətə qəhrəmanlığın əsl yolunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanında birinci planda oğuzlara xitab edilməsinə baxmayaraq, bu epos əslində bütün bəşəriyyət üçün qəhrəmanlıq dərsi və yaşam fəlsəfəsidir.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Araz Əhmədoğlunun tərcümə fəaliyyəti, yazdığı monoqrafiyalardan bəhs edib. M.İmanov “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarında mifoloji əsaslar, qəhrəmanlıq simvolları, mifologiyada xaos-kosmos münasibətləri barədə ətraflı məlumat verib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

azertag.az