Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 km yolun və Baş Ələt stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub və 136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib.
trend.az