Yer kürəsinin işıqlanmasının mənbəyi Günəşdir. Günəş enerjisindən planetimizin bütün həyat formaları asılıdır. Günəş enerjisi həm də insanlara əhval-ruhiyyə verən bir mənbədir. İnsanlar bütün dövrlərdə yaşayış evlərini Günəş işığını nəzərə alaraq inşa etməyə çalışmışlar. Günəş işığı ilə işıqlanmayan evlərin sakinləri əsasən qış vaxtı depressiyaya düşürlər. Əgər gün ərzində işıqlanmayan yerlərdə iş görülərsə, bu, sağlamlığa mənfi təsir edər. Mənzillərin gündüz həm Günəş, həm də elektrik enerjisi ilə işıqlandırılması təhlükəli hesab edilir.
Adətən mənzillərdə çilçıraqlar otağın tavanının mərkəzində yerləşdirilir. Çilçırağın tam altında isə yemək masasının olması tövsiyə edilir. Otaqlarda olan başqa əşyaların yerlərini dəyişmək olar. Ancaq yemək masasının yerini dəyişmək olmaz.
Bu barədə dosent, kimya elmlər namizədi Abəli Hüseynli məlumat verib.
A.Hüseynli bildirib ki, çilçıraqlarda lampaların düzülüşü iki cürdür. Birinci növ çilçıraqlarda lampalar tavana doğru baxır. Belə çilçıraqlarda yerləşdirilən lampalar 220 Volt, 60 Vatt gücündən çox olmamalıdır. Son zamanlar isə evin işıqlanmasında 220 Volt və 1,3, 4, 5 Vatt gücündə LED lampalardan istifadə edilməkdədir. İşığın səpələnərək tavandan qayıtması göz üçün yorucu deyil. Əgər çilçıraqların lampaları döşəməyə tərəf yönəlmişsə, o zaman işıqlandırıcı lampalar 220 Volt 40 Vatt gücündən çox olmamalıdır.
Adi işıqlandırıcı çıraqlar funksional və dekorativ olaraq iki sinfə bölünürlər. Dekorativ işıq otaqların təkrarolunmaz işıqlandırılmasıdır. Son zamanlar halogen işıqlandırıcı çıraqların LED lampaları ilə əvəz edilməsi də dəb kimi istifadə edilməkdədir. Belə çilçıraqlar divarın istənilən yerlərində asıla bilər. Bundan başqa, aşağı gücü olan işıqlandırıcılar estetik olmayan elektrik kabellərindən azad olunurlar. Bu cür işıqlandırıcısı olan otaqlar qeyri-adi və cəzbedici olurlar. Mətbəxin işıqlanmasında qaz ocağını, mətbəx masasını və yuyucu hücrəni hər zaman diqqətə almaq lazımdır.
Funksional işıqlandırıcı çıraqlar otağın bütününü tam olaraq işıqlandırmalıdır. Funksional işıqlandırıcı evin istənilən yerində paltar və qab dolablarının qapılarında yerləşdirmək olar. Bunların qapılarını az da olsa açdığımız zaman işıqlandırıcı çıraqlar yanmağa başlayar. Müasir dövrdə dekorativ işıqlandırıcı çıraqların tətbiqi genişlənməkdədir. Əksər Avropa ölkələrində 1,3,4,5,20 Vatt gücündə lampalardan istifadə etmək məsləhət görülür. Bu lampaların yanğın törətməsi minimumdur. Çünki lampaların hazırlanmasında avtomatik bağlanma sistemi var.
Təmiz pəncərələr otaqların işıqlanması üçün böyük mənbə olmaqla yanaşı, ən sadə üsulla işıqlanmanı təmin edir. Pəncərə şüşələri il ərzində ən azı 3-4 dəfə yuyulmalıdır. Yuyulma təhlükəli tozları aparır. Bundan əlavə, yuyulmayan pəncərələrdən işığın 25 faizi düşmür. Kimyəvi təmizləyicilərdən - naşatır spirti pəncərələrin təmizlənməsində istifadə edilir. Bütün yuyucu və təmizləyici maddələr naşatır spirtinin əsasında hazırlanır. Əgər sizin yeni satılan yuyucu maddələrə qarşı allergiyanız varsa, onda təmizləyici maddəni özünüz hazırlaya bilərsiniz. Bunun üçün 0,5 litr suya 20 millilitr naşatır spirti əlavə edərək qarışdırmaq lazımdır.
azertag.az