Bu il ərzində Azərbaycan qızıl ehtiyatlarını 30 tona çatdıracaq. Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, ötən ilin fevral ayından etibarən ARDNF qızıla investisiya yatırmağa başlayıb və Fond 2012-ci il ərzində 1,5 mlrd. ABŞ dolları dəyərində 15 ton qızıl əldə edib: «Hazırda bu qızıl Londonda saxlanılır ki, cari ilin yanvar ayından etibarən sözügedən qiymətli metalın Azərbaycana gətirilməsinə başlanılıb. Biz həftədə təxminən 330 kq qızılı Londondan Azərbaycana gətirilməsinə başlamışıq və artıq ölkəyə gətirilən qızılın həcmi təqribən 1 tona yaxındır».
Fondun rəsmisi onu da qeyd edib ki, hazırda Londondan gətirilən qızılın Azərbaycan Mərkəzi Bankında saxlanılmasına baxmayaraq, ARDNF-in inşa olunan yeni inzibati binasında xüsusi xəzinədarlıq yaradılacaq və Azərbaycanın qızıl ehtiyatı məhz həmin xəzinədarlıqda saxlanılacaq: «Bizim inzibati binamızın inşası 2013-cü ilin sonunadək başa çatdırılacaq və hazırda Mərkəzi Bankda saxlanılan qızıl bu xəzinədarlığa gətiriləcək».
Ş.Mövsümov onu da əlavə edib ki, ARDNF-in strategiyasına əsasən, qızıla yatırılan vəsait Fondun investisiya portfelinin 5%-i qədər olmalıdır: «Azərbaycan üçün sözügedən 5% kifayət edir. Lakin buna baxmayaraq, biz bu göstəricini ola bilsin ki artıraq. Ümumiyyətlə, 2013-cü ilin sonunadək biz daha 15 ton qızıl alaraq, ölkənin qızıl ehtiyatını 30 tona çatdırmaq niyyətindəyik».
APA