İrəvan teatrında “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub
3.4.2018

31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” əsəri nümayiş olunub.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Tamaşanın nümayişindən əvvəl teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, Əməkdar Artist Sərvər Əliyev və teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağayevaya çıxış edərək soyqırımın tarixindən, xalqımızın başına gələn qanlı hadisələrdən danışıblar.

Daha sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub.

Tamaşada ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər öz əksini tapıb. Çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında qoşunu ilə Azərbaycana gəlişi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi səhnələri və Prezident İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi tamaşaçılara böyük ruh yüksəkliyi bəxş edib.

Səhnə sərinin quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu ifa ediblər.


azertag.az