Bariton Elçin Əzizov Lyon Verdi Festivalında operasevərlərin qəlbini fəth edib
3.4.2018

Fransanın Lyon şəhərində italiyalı bəstəkar Cüzeppe Verdinin şərəfinə Opera Festivalı keçirilir. Festivalda Verdinin “Atilla”, “Makbet” və “Don Karlos” kimi ən məşhur operalarının müasir versiyaları təqdim edilib.

Azərbaycan baritonu, Əməkdar Artist, Rusiya Dövlət Akademik Böyük Teatrının ilk azərbaycanlı solisti Elçin Əzizov həmişə olduğu kimi operasevərlərin, eləcə də avropalı jurnalistlərin diqqətini cəlb edib. Avropanın bir çox mətbuatında Elçin Əzizovun nadir səs tembri xüsusi vurğulanıb.

Hər üç operanın səhnə dekorasiyaları, musiqiləri, ifaçıları haqqında müfəssəl məlumat verilən və onların məziyyətlərinə toxunulan yazılarda avropalı jurnalistlər həmişəki kimi sonda “amma...”nı unutmayıblar. Yeganə azərbaycanlı baritonun əsrarəngiz ifası və nadir səs tembrinin yaratdığı möcüzədən yazanda “amma...” tapmayıblar.

"Makbet" operasında Verdi baş rolu tenora deyil, baritona verməklə mənfi xarakterləri əsərin qəhrəmanı edib, əsərdə təkcə eşq əhvalatını deyil, ehtiras, vicdan narahatlığı kimi mövzuları önə çəkib. Festival çərçivəsində bariton Elçin Əzizov məhz çox çətin hesab edilən Makbet rolunu oynayıb.

Avropanın https://www.forumopera.com, https://www.opera-online.com,http://www.operatoday.com, http://vlaamswagnergenootschap.blogspot.fr, http://www.crescendo-magazine.be, http://operalounge.de portalları Elçin Əzizovun zəngin, təmiz və isti tembri ilə Makbetə lirizm xüsusiyyəti qatmasından, gözəl səsi ilə insan qəlbini fəth edərək bir sıra kontrastlı hisslər yaratmasından yazıblar.

Bildirilir ki, baş rolun ifaçısı Elçin Əzizov nadir səsindən yüksək məharətlə istifadə edir. Yüksək ifaçılıq qabiliyyəti, mükəmməl artistlik məharəti, gözəl tembri, intonasiya təmizliyi, zəngin çalarlı və nüfuzedici səsi tamaşaçı ruhuna hakim kəsilərək bənzəri olmayan musiqi dünyasına çəkib aparır.

Dünyanın müxtəlif ölkələrindən gələn operasevərlər bariton üçün ən çətin rollardan biri hesab edilən “Makbet” tamaşasını bariton Elçin Əzizovun ifasında yüksək qiymətləndiriblər.

“Lyon Operasından məni çox dəvət edirdilər, ancaq Moskvada iş cədvəlim sıx olduğu üçün qəbul edə bilmirdim. Bu dəfə Verdinin “Makbet” operasının olacağını eşidən kimi qəbul etdim. Cüzeppe Verdi yüksək dəyərləndirdiyim bəstəkarlardandır və xüsusilə də “Makbet” operasını çox sevirəm.

Verdi festivalına hazırlıqla bağlı fevral ayının əvvəlindən Lyondayam. Dünyanın tanınmış müxtəlif opera ifaçıları dəvət olunub. Bu müddət ərzində məşqlər edirdik. Məşqlər çətin idi, çünki Makbet rolu ağırdı, üstəlik vokal üzərində işləmək və italyan dilində ifa etmək lazım idi. Bu baxımdan gərgin işləmək lazım olduğunu bilirdim. Bununla belə qəbul etdim. Festival müddətində “Makbet” 7 dəfə təqdim olunacaq. Son tamaşamız aprelin 16-da olacaq. Ümumiyyətlə, festivalda təqdim olunan hər üç opera yeni quruluşda, müasir versiyada hazırlanıb.

Dünyanın heç bir yerində hansı ölkəni təmsil etdiyini soruşmurlar, hansı millətə mənsub olduğunu soruşurlar. Biz deyirik - azərbaycanlı və bununla qürur duyuruq. Mən də azərbaycanlı olmağımla qürur duyuram. Mənim üçün əsil mükafat tamaşaçıların alqışları və məni sevmələridir”, - deyə Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov bildirib.

Qeyd edək ki, Lyonda festival çərçivəsində “Makbet” operasının premyerasında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də E. Əzizovun tamaşaçıları arasında olub, həmvətənlimizin ifasını dinləyib.


azertag.az