Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq İncəsənət Festivalına yekun vurulub.
Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-dək iştirakçı qatılıb. O, festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. N.Əliyev “Testene-Art” mədəniyyət assosiasiyasının rəhbərinə təşəkkürünü bildirərək ona milli musiqi alətlərimizi özündə əks etdirən xatirə hədiyyəsi təqdim edib.
Sonra münsiflər heyətinin üzvləri festival-müsabiqənin gedişatı, istedadlı uşaqların çıxışları barədə öz fikirlərini söyləyiblər.
Mükafatlandırılmadan sonra qaliblərin qala konsertində bir-birindən gözəl musiqi nömrələri təqdim edilib. Çıxışlar alqışlarla qarşılanıb, xüsusilə Azərbaycan musiqi və rəqsləri xarici qonaqların heyrətinə səbəb olub.
Müsabiqənin Qran- Pri mükafatına Rza Xosrovzadə (estrada nominasiyası) layiq görülüb.
azertag.az