“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 50-yə yaxın “İRƏLİ” fəalının iştirakı ilə “Nar bayramı” münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Daha sonra “Hərəyə bir nar” şüarı altında həyata keçirilən aksiya zamanı şəhər ictimaiyyətinə nar sovqatları paylanılmışdır. Qeyd edək ki, hal-hazırda “İRƏLİ” İctimai Birliyi tərəfindən Azərbaycanda narla bağlı ənənələri özündə əks etdirən veb səhifənin hazırlanması üzərində iş gedir.
Xatırladaq ki, 4 noyabr 2011-ci il tarixində Göyçay rayonunda Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi “Nar Bayramı” təşkil olunacaqdır.
Proqram saat 12:00-da Göyçay rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rəsmi açılış mərasimi ilə başlayacaqdır. Sonra yerli və xarici tədbir iştirakçıları nar məhsullarından ibarət olan sərgilər, nar mövzusunda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər.
Daha sonra qonaqların şərəfinə ziyafət təşkil olunacaq. Ziyafətdən sonra Azərbaycanın tanınmış prodüseri Murad Dadaşovun təşkilatçılığı ilə baryam konserti təşkil olunacaq. Konsertdə Azərbaycanın tanınmış sənət adamları iştirak edəcəklər.
Festival tam bayram əhval ruhiyyəsi ilə davam edəcək. Gün ərzində rayonun müxtəlif yerlərində Azərbaycan musiqisi səslənəcək və Azərbaycan mətbəxinin ləziz təamları festival iştirakçılarına pulsuz təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikasında yetişsə də, Göyçay yeganə şəhərdir ki, burada narın bütün növləri yetişir. Dünya bazarında nara çox böyük tələbat vardır. Narın bir çox müalicəvi xüsusiyyətləri ilə yanaşı xüsusilə vurğulanmalıdır ki, nara cənnət meyvəsi deyirlər, çünki Qurani-Kərimdə narın adı keçir.