Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin (1916-2005) romanslarını silsilə konsert proqramları ilə təqdim edəcək.
Bu barədə Fidan Hacıyeva məlumat verib. Bildirib ki, birinci konsert mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək. Ədilə Hüseynzadə Üzeyir Hacıbəylinin Ağabacı Rzayeva, Şəfiqə Axundova kimi sevimli tələbələrindən idi. Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, həmçinin Bülbülün sinfində vokalla məşğul olub.
Londonda ilk dəfə Azərbaycanın xanım bəstəkarının əsərləri səsləndiriləcək
Xalq Artisti Fidan Hacıyevanın Ədilə Hüseynzadənin romanslarını ifa edəcəyi ikinci konserti mayın 16-da Londonda “Kings place” zalında olacaq. Qeyd edək ki, bu, Fidan Hacıyevanın Londonda ikinci solo konsertidir. “Konsertdə fortepianonun müşayiəti ilə 16 əsər ifa edəcəyəm. Həmçinin çox gözəl pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və Azərbaycanın Əməkdar Artisti, violonçel ifaçısı Aleksey Miltıx çıxış edəcəklər. Londonda ilk dəfə Azərbaycan xanım bəstəkarının əsərləri səsləndiriləcək. Romansların bir çoxunun sözlərini ingilis dilinə tərcümə etmişəm. Məqsədim bu əsərləri auditoriyaya həm musiqinin, həm də poeziyanın dili ilə mükəmməl çatdırmaqdır”, - deyə Fidan Hacıyeva bildirib.
Fidan Hacıyeva: Ədilə Hüseynzadənin romansları üçün seçdiyi şeirlər bu gün də aktualdır
Ə.Hüseynzadənin Nizaminin sözlərinə yazdığı “Vəslin həvəsi” romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza və Nigar Rəfibəylinin şerlərinə bəstələdiyi romansları musiqi xəzinəmizin incilərindəndir. Onun yaradıcılığında R.Rza və N.Rəfibəylinin şeirlərinə yazdığı “Duyğular” vokal silsiləsi xüsusi yer tutur. “Ədəbiyyatı dərindən bilən Ədilə Hüseynzadə şeirləri məharətlə seçirdi. Bəstəkarın əsərlərində musiqi ilə poeziya vəhdət təşkil edir. Onun romansları üçün seçdiyi şeirlər bu gün də aktualdır. Çox fəlsəfəli əsərlərdir, sanki bu gün üçün yazılıb. İfa edəcəyim romanslar çox gözəl, dramatik məzmunlu əsərlərdir. Onları vaxtilə Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, habelə Fidan və Xuraman Qasımovalar oxuyublar. Sonralar bu romanslara çox da müraciət olunmayıb. Bu əsərlərin üzə çıxarılmasında mənə kömək edən bəstəkarın ailəsinə təşəkkürümü bildirirəm. Azərbaycan qadın bəstəkarının əsərlərinə, məhz unudulmuş əsərlərə müraciət etməyi özümə borc bilirəm.
Ədilə Hüseynzadə uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq ixtisasından dərs deyib, gənc istedadların üzə çıxarılmasında əlindən gələni əsirgəməyib. Onun əsərlərini həm ölkəmizdə, həm də dünyada təbliğ etməkdən qürur duyuram”, - deyə Fidan Hacıyeva vurğulayıb.
azertag.az