Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018”in açılış vaxtı açıqlanıb
5.4.2018

Azərbaycanın mərhum qrossmeysteri, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin təntənəli açılış mərasiminin vaxtı müəyyənləşib.

Turnirin mətbuat xidmətindən verilən məlumata görə, tədbir aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Superturnir SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçiriləcək. XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, ShamkirChess turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792, FİDE reytinqində 4-cü yer), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində 8-ci yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində 9-cu yer), Hollandiya şahmatının lideri Aniş Giri (2777, FİDE reytinqində 10-cu yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcək. Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

XXI kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsen olacaq. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2843 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

report.az