Xətai Sənət Mərkəzi “21 may - dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü” mövzusunda rəsm müsabiqəsi elan edib.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Sərəncamına əsasən elan olunub. Müsabiqədə 18-29 yaşlı rəssamlar iştirak edə bilərlər. Qeydiyyat mayın 10-dək davam edəcək. İştirakçılar əsərlərini Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru adlı elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin məqsədi respublikada mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkənin dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdılması, habelə ölkəmizin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması və yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara marağının daha da artırılmasıdır.
azertag.az