Aprelin 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik musiqi həvəskarları klubunun 10 illiyinə həsr edilən konsert-tamaşa nümayiş olunub.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova yubiley tədbirində Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasovun “Şən bahar” uşaq operasının və “Düzgülər” kantatasının təqdim edildiyini bildirib.
Konsert-tamaşanı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri ifa ediblər. Bu, Bəstəkarlar İttifaqının “Azərbaycan bəstəkarlarının musiqisi gənc ifaçıların təqdimatında” layihəsi çərçivəsində reallaşdırılıb.
Müxtəlif müsabiqələrin qalibi olan kollektivin bədii rəhbəri və dirijoru məktəbin müəllimi Leyla Zalıyevadır.
Əlvan rəngli milli geyimlər, milli bayram atributları, şən zarafatlar, ən əsası isə gənc ifaçıların milli mədəniyyət və ənənələrimizin zənginliyindən doğan əhval-ruhiyyəsi tamaşaya xüsusi gözəllik qatıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Müəllim Gülnarə Səfərovadır.
azertag.az