Azərbaycan Dövlət Pedaqoji Universitetində “Bakı Marafonu-2018”in təqdimatı olub
5.4.2018

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək “Bakı Marafonu 2018”in təqdimatı olub.

ADPU-dan bildiriblər ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə keçirilən təqdimatın məqsədi tələbələri marafon barədə məlumatlandırmaqdır.

Tədbirdə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu” yarışları artıq ənənəyə çevrilib. Marafon Bakıda ilk dəfə 2016-cı ildə keçirilib. Minlərlə iştirakçının qoşulduğu bu yarışda Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin tələbələri də iştirak edərək yüksək nəticələr göstəribər. Bu il üçüncü dəfə “Bakı Marafonu-2018”in keçirilməsi planlaşdırılır. Marafon mayın 13-də saat 10.00-da Dövlət Bayrağı Meydanından başlanacaq, saat 13.00-da Bakı Olimpiya Stadionunda finişə çatacaq. Dörd saat davam edəcək marafonda 21 kilometr məsafənin qət edilməsi nəzərdə tutulur.

Bildirilib ki, marafonun keçirilməsinin məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, geniş ictimaiyyət, xüsuilə də, gənclər arasında sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirməkdir. Bir ünsiyyət məkanı olan marafon iştirakçıların birliyinə, həmrəyliyinə, sosial fəallığına müsbət təsir göstərir.

Sonda tələbələrin marafonla bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bugünədək bir sıra ali məktəblərdə təqdimatlar keçirilib. Bu təqdimatların davam etdirilməsi nəzərdə tutulur.


azertag.az