Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunan “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçiriləcək
5.4.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant və dissertantları arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçiriləcək.

AKİ-dən bildirilib ki, aprelin 5-dən mayın 15-dək təşkil ediləcək müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunub.

Şuranın sədri, dosent Əfsun Sucayev diqqətə çatdırıb ki, müsabiqənin iştirakçıları son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Ekspert komissiyasının yekun rəyi əsasında birinci, ikinci və üçüncü yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.


azertag.az