Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsində II yarımfinalda mübarizəyə qoşulacaq
18.1.2013

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision -2013” mahnı müsabiqəsində Azərbaycan mayın 16-da keçiriləcək II yarımfinalda çıxış edəcək.

Dünən Malmö şəhərində müsabiqənin ilk püşkü atılıb və iştirakçı ölkələrin I və ya II yarımfinalda, eyni zamanda hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib.

Mayın 14-də keçiriləcək I yarımfinalda 16, mayın 16-da keçiriləcək II yarımfinalda isə 17 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. I yarımfinalda Danimarka, Xorvatiya, Ukrayna, Niderland, Avstriya, Sloveniya, Estoniya, Rusiya, Litva, Serbiya İrlandiya, Belarus, Kipr, Monteneqro, Belçika və Moldova, II yarımfinalda isə Latviya, Azərbaycan, Malta, İslandiya, San-Marino, Makedoniya, Finlandiya, Bolqarıstan, İsrail, Norveç, Albaniya, Macarıstan, İsveçrə, Gürcüstan, Yunanıstan, Ermənistan və Rumıniya yarışacaq.

Püşkatma mərasimində o da məlum olub ki, birbaşa final mərhələsində yarışacaq ölkələrdən Böyük Britaniya, İsveç, İtaliya I yarımfinalda, Fransa, Almaniya və İspaniya isə II yarımfinala səs verə biləcəklər. Mərasimdə Avropa Yayımları Birliyinin icraçı rəhbəri Yan Ola Sand və müsabiqənin səsvermə üzrə təşkilat şirkəti olan “Digame”nin rəsmi nümayəndəsi Tomas Nidermeyer iştirak edib.

Qeyd edək ki, “Eurovision 2013” yarışmasının yarımfinalları mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də İsveçin Malmö şəhərində keçiriləcək.

APA