Bakıda almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyi qeyd olunub
9.4.2018

Aprelin 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyinə həsr edilmiş “Azərbaycanda almanların tarixinə kulturoloji baxış” mövzusunda seminar təşkil olunub.

Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Bəhai icması və Almaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda professor Fuad Məmmədov və texnika üzrə fəlsəfə doktoru, “Mədəniyyət səfiri” Səlahəddin Eyyubov giriş sözü söyləyiblər. Sonra Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Paul Amman, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev, tibb üzrə fəlsəfə doktoru Əmirxan Eyyubov, psixoterapevt Ramazan Əskərli, diplomat Hüseynağa Sadıxov mövzu ətrafında məruzələrlə çıxış ediblər. Məruzəçilər Almaniya-Azərbaycan mədəni əməkdaşlığı, müasir dövrdə Azərbaycan və Almaniya parlamentləri arasında əlaqələr, XIX əsrin əvvəllərində almanların Azərbaycana köçürülməsinin səbəbləri və digər mövzularda danışıblar.

Seminarın gedişində Hayfa şəhəri ilə videobağlantı qurulub. Hayfa Universitetinin sabiq rektoru professor Yossi ben Artzi və Bəhai icmasının üzvü Alina Süleymanova videokörpü vasitəsilə seminara qoşulublar.

Professor Fuad Məmmədov tədbirə Azərbaycanda beynəlxalq münasibətlər mədəniyyətinə həsr olunmuş çıxışı ilə yekun vurub.

azertag.az