“YARAT” Müasir İncəsənət Məkanı “Artım rooms” layihəsinə dəvət edir
9.4.2018

“YARAT” Müasir İncəsənət Məkanın təşkilatçılığı ilə “Artım” layihə məkanında “Artım rooms” layihəsinə start verilib.

Layihə gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir. Arzu edən hər kəs, sözügedən məkanda bu otaqların bir və ya bir neçəsində öz ideyalarını gerçəkləşdirmək üçün müraciət edə bilər.

Layihənin başlıca məqsədi, yaradıcılıq vasitəsilə inkişaf edən, insanları bir araya gətirən, müzakirələr və eksperimentlər aparmaq üçün dinamik və müstəqil “orqanizm”, canlı və kompleks platforma yaratmaqdır. Təbiətdə, bu “avtopoezis” terminində əks olunur. Avtopoezis – son dərəcə möhkəm struktur vasitəsilə mümkün ola bilən, bir çox bağlantılar və mürəkkəb sistem yaradan, öz-özünə inkişaf edən orqanizmdir.

Avtopoezisin bu ümumiləşdirilmiş görüntüsü fiziki komponentləri, informasiya və mürəkkəblik çərçivəsində ölçülə bilən quruluş baxımından öz-özünü hasil edə bilən sistemləri nəzərdən keçirir.

Layihənin ilk buraxılışında rəssamlar Əkbər Əliyevin rep musiqi video instalyasiyası, Şəlalə Salamzadənin fotoşəkilləri, Roman Qocayevin divar rəsmi, Nəzrin Musayevanın instalyasiyası və Ramil Hacıəliyevin interaktiv mappinq instalyasiyası nümayiş olunur. Əkbər Əliyevin video instalyasiyası incəsənətin formal aspektlərindən və milli mənəvi normaların özünəməxsusluğundan bəhs edir.

Roman Qocayev mandalanın (Hinduizm və Buddizmdə kainatı təmsil edən simvol) vizual formasında avtopoezisin bioloji prinsipini araşdırır. Ramil Hacıəliyevin interaktiv mappinq instalyasiyası ətrafda baş verən müəyyən hərəkətə qarşı proyeksiyanın həssaslığına əsaslanır. Nəzrin Musayeva sevgi hissini gətirən insan transformasiyalarından bəhs edir.

Şəlalə Salamzadə retro portret fotoşəkilləri vasitəsilə rəssam həyatının keçid dövrü ərzində baş verən daxili təcrübələri araşdırır. Layihə aprelin 13-dək davam edəcək.


azertag.az