Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” və “Şah İsmayıl” tamaşaları hazırlanır
18.1.2013

Akademik Milli Dram Teatrında iki yeni tamaşanın məşqləri gedir. Bunlardan biri xalq yazıçısı Elçinin "Sənətkarın taleyi" pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsərə Rus Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi İrana Tağızadə quruluş verir. Azərbaycan teatr tarixinin parlaq nümayəndələrindən olan Hüseyn Ərəblinskinin həyatından bəhs edən əsərin quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Vladimir Neverov, rejissor assistenti Ceyran Həsənlidir.

Rolları xalq artistləri Ramiz Novruz (Qubernator), Şükufə Yusupova (Qrafinya), əməkdar artistlər Firdovsi Atakişiyev (Ərəblinski), Cəfər Namiq Kamal (Poloni), Elşən Cəbrayılov (Yaqo), Ayşad Məmmədov (Bığlı artist), Hicran Nəsirova (Bibi), Əsgər Məmmədoğlu (Molla), Mirzə Ağabəyli (Baqqal), Əjdər Həmidov (Məmur) və başqaları oynayırlar. Tamaşanın premyerası fevral ayına planlaşdırılır.

Teatrda hazırlanan digər tamaşa yazıçı-dramaturq Kamal Abdullanın "Şah İsmayıl və ya hamı səni sevənlər burdadır" pyesi əsasında səhnələşdirilir. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Əsas rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov və başqaları ifa edir.

APA