Azərbaycan hökuməti ilə Misirin Tarixi Abidələr Nazirliyi tərəfindən qədim Qahirənin Babunnasr və Ebulfütuh rayonları arasında dəyəri təxminən 40 mln. dollar olan ilk Xalçaçılıq Muzeyi inşa edilir.
Bununla bağlı Misirin tarixi abidələr naziri Məhəmməd İbrahim jurnalistlərə açıqlama verib.
Nazir muzeyin məhz bu bölgədə inşa olunmasını ərazinin tarixi abidələrlə zəngin olması ilə izah edərək xüsusilə vurğulayıb ki, yaradılacaq muzey bölgənin tarixi görünüşünə heç bir xələl gətirməyəcək: “Çünki muzey kolleksiyasına daxil olan xalçalar daşınmağa uyğun şəkildə nümayiş olunacaq ki, istənilən vaxt onları yerlərindən götürmək, yaxud yerlərini dəyişmək asan olsun. Bu isə o deməkdir ki, onların burada nümayiş olunması ərazinin tarixiliyinə heç bir mənfi təsir göstərmir”.
Qədim Qahirənin inkişaf layihəsinin müdiri Məhəmməd Əbduləziz bildirib ki, hazırda bölgədə Fatimilər dövrünə aid qala divarlarının dəqiq yerlərinin təyini prosesi gedir. Onlar Torpaq və Mənzil Nazirliyi və Qahirədəki Alman İnstitutu tərəfindən təmir-bərpa olunub bölgənin tarixi abidələri arasına əlavə ediləcək. Layihə həmçinin Cəmaliyyə bölgəsində olan tarixi abidələrin təmir-bərpa işlərini nəzərdə tutur ki, bu da Misirin tarixi abidələrini qoruyub saxlamağa və ölkəyə turist axınını artırmağa öz töhfəsini verəcək.
APA