IDEA kampaniyası beynəlxalq əməkdaşlığı genişləndirir
18.1.2013

IDEA Kampaniyası 2013-cü il, yeni fəaliyyət dövründə də beynəlxalq müstəvidə daha bir qlobal ekoloji hərəkatla əməkdaşlığa başlayır.

Belə ki, qeyd olunan 350.org kampaniyası (http://www.350.org) 188 ölkədə fəaliyyət göstərir və əsas məqsədi planetimizin əsas ekoloji problem olan iqlim dəyişikliyi ilə mübarizədə aktiv fəaliyyətə cəlb etmək və bu problemlə mübarizə üsulları haqqında insanları maarifləndirməkdən ibarətdir.

Kampaniyadan verilən məlumata görə, qlobal istiləşmə problemi IDEA kampaniyasının fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq, 350.org kampaniyası ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə qarşılıqlı dəstəyin verilməsi və beynəlxalq ekoloji aksiyaların təşkili kimi əlaqələr nəzərdə tutulur.

Xatırladaq ki, 350.org Qlobal Enerji Dəyişikliyi ( GPS - Global Power Shift www.globalpowershift.org ) adlı növbəti qlobal bir hərəkata start verib və bu layihə çərçivəsində IDEA kampaniyası ilə əməkdaşlıq haqqında ilkin razılıq əldə olunub.

Layihə çərçivəsində 2013-ci ilin iyun ayında İstanbul şəhərində yeddigünlük beynəlxalq sammitin keçirilməsi və bütün dünyadan 500-ə qədər ekoloji fəal gəncin iştirak edəcəyi tədbirdə əsasən "Qlobal iqlim dəyişikliyi", "Atmosferdə karbon qazı tullantılarının miqdarının artması" və s. kimi bəşəriyyətin gələcəyini təhlükə atında saxlayan ekoloji problemlərin müzakirə olunması planlaşdırılır. Sammitdə Azərbaycandan tərəfindən IDEA nümayəndələrinin və digər fəal ekoloji vətəndaşların iştirakı da gözlənilir.

Tədbir iştirakçıları daha sonra layihənin davamı olaraq öz ölkələrində GPS Azərbaycan komandası yaratmaqla layihə ilə əlaqədar konfranslar, aksiyalar, maarifləndirmə kampaniyaları təşkil etməklə bütün bəşəriyyəti ekoloji problemlərlə mübarizə üçün səfərbərliyə səsləyəcəklər.

Qeyd edək ki, 2011-ci il iyulun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci ildən bu günə qədər bir çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etməklə yanaşı, qlobal ekoloji şəbəkənin yaradılmasına öz töhfəsini verməkdədir.

Milli.Az