Azərbaycanda turizm şirkətlərinin vahid reyestri yaradıla bilər
12.4.2018

Azərbaycanda turizm fəaliyyəti ilə bağlı lisenziyanın ləğvindən sonra bazara daxil olan yeni şirkətlər müştərilərə göstərilən xidmətin keyfiyyəti ilə bağlı problem yaradıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

"Bələdçilik və otellərdə yerləşdirmə ilə bağlı xarici vətəndaşlara göstərilən xidmətlərdə mənfi hallar mövcuddur", - o qeyd edib.

R.Quliyev bildirib ki, vəziyyətdən çıxış yolu kimi Azərbaycanda turizm şirkətlərinin vahid reyestrinin yaradılması gözlənilir: "Reyestr deyəndə elə başa düşülür ki, hansısa bürokratik əngəllər olacaq. Əslində, belə bir şey yoxdur. Azərbaycan Turizm Şurasında 17 qurum təmsil olunur. Burada ciddi şəkildə turizmlə bağlı problemlərin aradan qaldırılması ilə məşğul olurlar. Məqsəd ondan ibarətdir ki, koordinasiya və monitorinqin aparılması imkanı daha da asanlaşsın. Bu gələcəkdə statistik məlumatların toplanmasına və işin daha səmərəli qurulmasına xidmət edəcək".


report.az