"Uşaqlara xarici dilləri neçə yaşından öyrətmək lazımdır" sualı valideynləri düşündürən ən aktual problemlərdən biridir.
Klinik psixoloq Afaq Əmirli də bu məsələyə aydınlıq gətirməyə çalışıb.
O bildirib ki, uşaq xarici dili nə qədər tez öyrənməyə başlasa, bir o qədər yaxşıdır: "Belə ki, 5-6 yaşa kimi uşaqların nitqi, danışıq qabiliyyəti sürətlə inkişaf edir və bu dövr dil öyrənmək üçün sensitiv dövr, yəni optimal öyrənmə dövrü hesab olunur. Bu yaşlarda uşaq dil öyrənmək üçün xüsusi səy göstərmir. Əyani təfəkkür məktəbəqədər yaşlı uşaqlarda güclü inkişaf etdiyindən ətrafda gördükləri hər şeyi, baş verən hadisələri xarici dildə görərək, eşidərək qavrayır. Həmçinin aparılan tədqiqatlar göstərir ki, xarici dil öyrənmə uşaqların hafizə, diqqət və qavrama qabiliyyətinə də müsbət təsir göstərir. Artıq 8-9 yaşdan başlayaraq uşaqlar xarici dili böyüklər kimi əzbərləyərək öyrənirlər. Kiçik yaşdan dil bazası olan uşaq üçün bu üsulla öyrənmə də çətinlik törətmir. Çünki 3 yaşa kimi uşaq fikrini bildirərkən hər iki dildə olan sözlərdən faydalanır, bu da valideynləri narahat edir. Artıq 3 yaşdan sonra isə dilləri ayırır və ona müraciət olunan dildə də cavab verir. Uşaq öyrəndiyini görərkən, əlinə alarkən, oynayarkən daha tez qavrayır və yadda saxlayır. Həmçinin dil öyrənmək üçün həmin dildə cizgi filmlərinə baxmaq, mahnılar dinləmək də yaxşıdır. Odur ki, narahat olmağa dəyməz".
Mütəxəssis qeyd edib ki, valideyn uşaqla gündəlik ünsiyyətdə yaxşı bildiyi dillərdən istifadə edərsə, övladı da həmin dilləri asanlıqla mənimsəyəcək: "Valideyn uşağın yaşını, fərdi xüsusiyyətlərini nəzərə alacaqsa, düzgün öyrənmə metodlarından istifadə edəcəksə, erkən yaşlarda dili mənimsəməsinə faydalı olacaq. Əgər uşağın psixoloji, nevroloji problemləri varsa və ya dil öyrənmək ona maraqlı gəlmirsə, etiraz edirsə, onu məcbur etmək, buna görə cəzalandırmaq qəti olmaz. Deməli, metod düzgün seçilməyib, motivasiya düzgün yaradılmayıb. Sadəcə, harada səhvə yol verildiyini araşdırıb tapmaq lazımdır".
report.az