Formula 1 Azərbaycan Qran-Prisinə bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər
12.4.2018

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşmək imkanı verən müsabiqə keçirir.

Müsabiqənin qalibləri aprelin 27-də “Jamiroquai” qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı “Instagram” və ya “Twitter”də həmin ulduza dair haştaqla paylaşmalı və @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.

Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Kristina Aqilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər.

Qaliblər BŞH-nin rəsmi veb-saytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai builki Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını bildirib: “Biz hər il olduğu kimi, bu il də Azərbaycan Qran-Prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik. Builki yarış həftəsonunda yenə dünya ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.

Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı perfomanslarına yerində şahid ola biləcək. Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz”.


azertag.az