V Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub
12.4.2018

Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub.

Müsabiqədə respublikanın 29 şəhər və rayonundan 144 iştirakçı üç yaş qrupu üzrə iştirak edib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq Artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 11 iştirakçı müsabiqənin laureatı, 32 nəfər isə diplomatı adını qazanıb.

Müəllifi və bədii rəhbəri professor Tərlan Seyidov olan layihənin şərtlərinə görə, iştirakçılar birinci turda ifa etdikləri əsərlər üzrə elmi məruzə ilə çıxış edib, ikinci turda isə bu əsərləri fortepianoda səsləndiriblər.

Məktəb-studiyanın 4-cü sinif şagirdi Daniil Tyurin müsabiqənin birinci dərəcəli laureatı adını qazanıb.

Şirin Əmiraslanova, Amin Zülfüqarlı, Səmra Həsənli, Əsmər Alxazova, Fidan Əmişova, Sudana Cavadzadə, Fidan Bayramova, Şöləxanım İbrahimli, Fidan Əkbərli və Sevda Feyzullayeva da müsabiqənin laureatı adını qazananlar sırasındadır.

azertag.az