Tarzən Sahib Paşazadə məşhur müğənni Sami Yusiflə birgə çıxış edib
12.4.2018

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində ölkənin ən böyük konsert salonlarından olan Əl-Məcaz amfiteatrında məşhur Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusifin Şərq dünyasının tanınmış musiqiçiləri ilə birgə konserti olub. Beş min tamaşaçının izlədiyi konsertdə Hindistan, Suriya, Livan, İran, Türkiyə və digər ölkələrdən olan musiqiçilərlə yanaşı, ölkəmizi Əməkdar Artist, tarzən Sahib Paşazadə təmsil edib.

Konsertlə bağlı təəssüratlarını bölüşən tarzən belə bir layihədə iştirakından, ölkəmizi bu konsertdə təmsil etməsindən məmnunluğunu ifadə edib: “Konsertə dəvət Sami Yusifin menecerləri tərəfindən gəldi. Onlar məni internetdə izləyərək ifalarımı bəyəndiklərini bildirdilər. Çox möhtəşəm konsert proqramı üçün musiqiçilərlə birlikdə üç günlük məşqlərdən sonra səhnəyə çıxdıq. Layihədə 27 mahnı təqdim olundu. Bütün mahnılar notla ifa edilirdi və Sami Yusifin öz bəstələri idi. Konsert bitdikdən sonra tamaşaçıların xahişi ilə “Sarı gəlin” mahnısı yenidən səsləndi. Bu çıxış zamanı bir daha mahnıdan əvvəl Azərbaycan tarında muğam parçaları ifa etdim və Sami Yusif bu ifadan sonra “Sarı gəlin”in Azərbaycana məxsusluğunu qeyd edərək mahnını təqdim etdi”.

Əməkdar Artist əlavə edib ki, Şərq dünyasında tarın təbliğində belə böyük konsert layihələri və festivalların mühüm yeri var.

Qeyd edək ki, ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında Qran-Pri mükafatına layiq görülən ifaçı daha sonra Çində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalında da uğurla iştirak edib və müsabiqənin baş mükafatını qazanıb.


azertag.az