Aprelin 12-də Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Ümumçin Gənclər Federasiyasının nümayəndə heyəti ilə görüşüb.
Fuad Muradov qonaqlara Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, reallaşdırılan irimiqyaslı layihələr, ölkədə yürüdülən gənclər siyasəti barədə ətraflı məlumat verib. Ümumçin Gənclər Federasiyasının nümayəndə heyətinin Bakıya səfərinin ölkəmizin tarixində mühüm siyasi hadisəyə təsadüf etdiyini deyən komitə sədri Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti gənclərin mükəmməl təhsil alması, onların potensial imkanlarından səmərəli istifadə etməsi üçün lazımi addımlar atır.
Daha sonra ölkədə gənclər siyasəti sahəsində qanunvericilik bazasının inkişafından söz açan F.Muradov Azərbaycanda Çin dilinin öyrənilməsi ilə bağlı atılan addımlardan danışıb.
Ümumçin Gənclər Federasiyasının baş katibi Dong Xia təmsil etdiyi qurumun Azərbaycandakı gənclər təşkilatları ilə yaxşı əməkdaşlıq qurduğunu vurğulayıb.
Görüşdə iştirak edən millət vəkilləri Şahin İsmayılov və Sevinc Hüseynova Azərbaycanda gənclərin ictimai-siyasi həyatda fəal rolundan, ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətindən söz açıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
azertag.az