İtaliyanın tanınmış opera müğənnisi Silvana Fraş Bakı teatrında çıxış edəcək
13.4.2018

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Madam Batterflyay” operası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək. Şarples rolunu isə Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin canlandıracaq.

Bundan başqa, səhnə əsərində Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, solistlər Tural Ağasıyev və Səbinə Əhmədova da iştirak edəcək.

Opera tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.


azertag.az