“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb
13.4.2018

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 24-cü nömrəsi çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sənətşünaslıq və tarix ixtisasları üzrə elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, habelə reportajlar, elmi məqalələr və maraqlı tərcümə materialları yer alıb.

Oxucular jurnalda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin akademik İsmayıl Hacıyevin “Araz-Türk respublikasının yaranması və bölgənin erməni işğalından qorunması uğrunda mübarizəsi”, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, akademik İsa Həbibbəyli və Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabına rəyi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Sirabçay və Naxçıvançay vadisinin qədim mədəniyyətləri”, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənovun və Ramil Niftəliyevin “Qafqaz Kustar Komitəsinin tarixindən” monoqrafıyası, habelə Esmira Vahabovanın “Şimali Azərbaycanın xalçaçılıq sənəti: inkişaf və müxtəliflik”, Nuray Əliyevanın “Naxçıvanın dialekt və şivələrində xalçaçılıq terminologiyası”, Zəhra İslamovanın “Azərbaycan xalçalarının izləri XVIII əsr qaynaqlarında”, Xəliyəddin Xəlillinin və Tahir Şahbazovun “Qarabağ elatlarının təsərrüfat həyatından” və digər alimlərin məqalələri ilə tanış ola bilərlər.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

Jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N25/ ünvanında tanış olmaq olar.


azertag.az