Daha bir Azərbaycan filmi Kann festivalına təqdim olunub
13.4.2018

“Şollerin arxivi” bədii filmi 71-ci Kann filmi festivalına təqdim olunub.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib ki, festivala martın 5-də filmlərin qəbulunun dayandırılmasına baxmayaraq, “Şollerin arxivi”ni apreldə qeydə alıblar. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını da özləri ödəyib.

Rejissor bildirib ki, filmin çəkilişləri 11 ay davam edib. Triller janrında lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nagiyevdir.

Filmdə Əməkdar artistlər Əjdər Zeynalov, Sabir Məmmədov, aktyorlar Şirzad Pirallahı, Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.

Bildirilib ki, filmdəki hadisələr ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb...”

Cəlaləddin Qasımov onu da əlavə edib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi ilə əlaqədar ölkə başçısının müvafiq Sərəncamına əsasən çəkilib.

Qeyd edək ki, festival mayın 8-dən 19-dək Fransada keçiriləcək.


azertag.az