Alzas regionunun “DNA” (Alzasın son xəbərləri) qəzetində “Azərbaycan və Qafqaz, tanımadığımız ədəbiyyat” adlı məqalə dərc olunub.
Məqalədə Dilbadi Qasımov, Nicat Kazımov və Jan-Emanüel Medinanın birgə təsis etdiyi və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı assosiasiyası haqqında məlumat verilib.
Qiraətin, ədəbiyyatın yeni ideyaların yaranmasına imkan yaratdığını bildirən təsisçilər “Kəpəz” nəşriyyatı vasitəsilə ədəbiyyat körpüsü yaratmaq istəklərini ifadə ediblər.
“Kəpəz”in ilk nəşri Əhməd bəy Ağaoğlunun fransız dilindəki məqalələri əsasında hazırlanmış “Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda)” kitabı olduğu vurğulanıb. N.Nərimanovun “Bahadır və Sona” əsərinin fransız dilində nəşrinin tezliklə işıq üzü görəcəyi diqqətə çatdırılıb.
Azərbaycan dili və ölkəmizin coğrafiyası haqqında da məlumat verilib. “Kəpəz” nəşriyyat evi Azərbaycan ədəbiyyatının fransız dilində nəşrinə daha çox yer versə də, müxtəlif dillərə tərcümə olunmuş bir çox xalqların ədəbiyyat nümunələrini də çap etməyi nəzərdə tutdur.
azertag.az