Rənglərin əbədi gücü…
13.4.2018

Aprelin 16-da “Port Baku Mall” rəsm qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət sərgi açılacaq.

Gənc xanım rəssamlar - Turan Muxtarzadə, Ellada İsmayılova, Kəmalə Əliyeva, Lalə Şükürova, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kubra Vəliyeva, Nərmin Sadıqova, Şamirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakize Kılınc, Aidə Ağayeva və Ayşə Qurbanovanın əsərlərinin yer alacağı sərgi istedadlı fırça ustalarının şəhərimizin mədəni palitrasına daha bir töhfəsi olacaq. Onlar “bəşəriyyətin gözəl yarısı”nın hər cür yaradıcılıq proseslərinin ilhamvericisi olan qadınların yüksək mənəvi missiyasını çox gözəl şəkildə əks etdirən “Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçiblər. Rəssamlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə edib, kətan üzərində müxtəlif yaş kateqoriyası və ruh halına malik qadınları təsvir etsələr də, yaradıcılıq yüksəlişində ümumi təmas və vəhdət nöqtələrini tapa biliblər.

“Art Gallery Turan”ın təşkilatçılığı ilə reallaşacaq sərginin dəstəkçiləri “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatlarıdır.

Sərgiyə AZƏRTAC da informasiya dəstəyi verir.


azertag.az