Azərbaycanda rəqəmsal TV avadanlığın aztəminatlı ailələrə pulsuz verilməsi üçün 5 mln. manat xərclənəcək
21.1.2013

Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 mln. manat həcmində vəsaitin xərclənməsi gözlənilir. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkə əhalisinin 90%-i rəqəmsal TV-dən istifadə edir: «Azərbaycanda fəaliyyət göstərən televiziyalar rəqəmsal yayıma keçib. Əsas məsələlərdən biri əhalinin rəqəmsal TV yayımına baxmaq üçün müvafiq avadanlıqların olmasıdır ki, bu avadanlığın qiyməti 30-50 manat təşkil edir. Qeyd edim ki, 2015-ci ildən analoq televizorların istehsalı dayandırılacaq».

Ə.Abbasov onu da bildirib ki, Azərbaycandakı aztəminatlı ailələr sözügedən avadanlığı pulsuz alacaq: «Hazırda ölkədə 120 mindən artıq aztəminatlı ailə mövcuddur ki, onlara bu avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 mln. manat vəsaitin ayrılması gözlənilir».

Nazir həmçinin qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq və tam rəqəmsal TV yayımına keçiriləcək.

APA