Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılacaq
16.4.2018

Ukraynanın Kiyev Milli Linqvistik Universitetində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 23 ukraynalı tələbəyə Azərbaycan dili, tarixi və mədəniyyəti öyrədilir. Bu barədə  mərkəzin direktoru İntiqam Şıxızadə məlumat verib.

Ukraynada Azərbaycan dilinin öyrənilməsinə marağın artığını deyən İ.Şıxızadə universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisasının açılmasının nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, mərkəz metodik vəsaitlərlə təmin edilib, həmçinin müasir texniki avadanlıq quraşdırılıb, xüsusi kitabxana fondu yaradılıb, xalqımızın mədəniyyətini və tarixini, zəngin adət-ənənələrini əks etdirən eksponatlar yerləşdirilib.

Qeyd edək ki, mərkəz ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində, 2013-cü il martın sonlarında açılıb.

azertag.az